Azərbaycan bankının IPO-su çərçivəsində tələb təklifi üstələyib

Maliyyə
  • 13 iyun, 2026
  • 14:28
Azərbaycan bankının IPO-su çərçivəsində tələb təklifi üstələyib

"PASHA Bank" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) prosesində abunə yazılışı dövründə 20 mindən çox investor öz sifarişlərini yerləşdirib.

"Report" xəbər verir ki, bununla bağlı "PASHA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev "LinkedIn" platformasındakı hesabında paylaşım edib. Abunə yazılışı iyunun 12-də yekunlaşıb.

Onun sözlərinə görə, IPO prosesində tələb təklifdən yüksək olub: "Azərbaycanın kapital bazarları tarixində investor tələbinin təklifi aşdığı ilk IPO kimi, bu nəticə həm "PASHA Bank"a, həm də ölkəmizin kapital bazarlarına olan inamı əks etdirir.

Əminəm ki, bu IPO gələcəkdə kapital bazarlarına daxil olmağı nəzərdə tutan şirkətlər üçün əsas istinad nöqtəsi olacaq".

Xatırladaq ki, "PASHA Bank" "Bakı Fond Birjası" QSC-də yerləşdirdiyi yeni səhmlərin ilkin qiymətini nominal dəyərdən (20 manat) 2,75 dəfə artıq – 55 manat həddində müəyyənləşdirib. 932 926 ədəd adi, adlı səhm həm fiziki, həm də hüquqi şəxslər tərəfindən satın alınıb. Minimum alış həcmi 1 səhm ola bilərdi. Yerləşdirmə tam başa çatdıqdan sonra, "PASHA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 373,171 milyon manata çatdırılacağı gözlənilirdi. Yeni investorlar bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.