Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək, işçilərini mükafatlandıracaq
- 11 aprel, 2023
- 04:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 30-da, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə ABB-nin kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2022-ci ilin maliyyə hesabatının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, 2024-2026-cı illərin maliyyə nəticələrinə görə Bankın əməkdaşlarının mükafatlandırılması, kredit təşkilatının nizamnaməsinin və Müşahidə Şurası haqqında əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri daxildir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.