Azərbaycan bankı imtiyazlı səhmlərini dövriyyədən çıxarır
- 24 iyul, 2024
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“AccessBank” QSC dövriyyədə olan, hər birinin nominal dəyəri 1 manat olan 11 388 889 ədəd imtiyazlı səhminin geri alındığını elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla da Bankın nizamnamə kapitalı müvafiq məbləğdə azaldılır.
“İmtiyazlı səhmlər "Access Bank"ın ötənilki mənfəətinin hesabına geri alınır. Nizamnamə kapitalının azalmasına baxmayaraq Bankın kapital adekvatlığı buferi yüksək olaraq qalacaq və məcmu kapital requlyativ normadan üç dəfə çox olacaq", - deyə kredit təşkilatı bəyan edib.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).