Azərbaycan bankı depozit hərracında cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb

Maliyyə
  • 08 may, 2025
  • 11:57
Azərbaycan bankı depozit hərracında cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb

Maliyyə Nazirliyinin bir qədər əvvəl depozit hərraclarına çıxardığı 1,5 milyard manat vəsaitin 485 milyon manatını "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) cəlb edib.

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov rəhbərlik etdiyi qurumun Dayanıqlı İnkişaf Hesabatına dair mətbuat konfransında bildirib.

"Bu, ölkəmizdə Azərbaycan Mərkəzi Bankı səviyyəsində dəstək verilən bir yenilikdir, eyni zamanda bankda likvidliyə əlavə dəstəkdir", - deyə o qeyd edib.

Bununla yanaşı, sədr cəlb etdikləri vəsaitin illik faiz dərəcəsini açıqlamaq istəməyib: "Bu məlumat konfedensialdır".

Xatırladaq ki, depozit hərracları ötən ay 2 dəfə olmaqla keçirilib. 1-ci hərracda vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 % orta çəkili faiz dərəcəsi ilə, 2-ci hərracda isə vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7,04 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. 

Bundan başqa, A.İbrahimov deyib ki, hazırda ABB 36 süni intelekt modelindən aktiv şəkildə istifadə edir.

"Son 2 ildə süni intellekt modelləri banka 25 milyon manatdan çox gəlir gətirib. Onlardan həm satış, həm də arxa ofis işlərində istifadə edilir. ABB süni intellekt modellərinə 10 milyon manatdan çox investisiya yatırıb", - deyə sədr əlavə edib. 

Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi bank bu ay Şuşada filialını açmağı planlaşdırır.