Azərbaycan bankı adi səhmlərinin nominal dəyərini azaldır
- 01 iyul, 2024
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“AccessBank” QSC dövriyyədə olan 60,875 milyon ədəd adi səhminin nominal dəyərini 4,25 manatdan 2 manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Beləliklə, Bankın adi səhmləri üzrə nizamnamə kapitalı 258 718 750 manatdan 121 750 000 manata, imtiyazlı səhmlərlə birlikdə nizamnamə kapitalı isə 270 106 912,25 manatdan 133 138 162,25 manata düşəcək.
"Adi səhmlərin nominal dəyərinin azaldılmasından sonra da "Access Bank"ın məcmu kapitalı requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq olacaq", - deyə Bank bəyan edib.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).