Azərbaycan ADB ilə sosial-iqtisadi inkişaf prioritetlərini müzakirə edib
- 20 iyun, 2023
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) arasında ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"ADB-nin Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktoru xanım Reyçl Tomson ilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizlə Bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və Bankın Direktorlar Şurasında Azərbaycanın səmərəli təmsilçiliyi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən ADB ilə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bankın ölkəmizə maliyyə-texniki dəstəyi yüksək qiymətləndirilir. ADB enerji, ətraf mühit, infrastruktur, transit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir.
İqtisadiyyat naziri həmçinin, Milli Prioritetlər, 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını vurğulayıb.
R.Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd edib.
Tərəflər əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparıblar.