Azərbaycan 2029-cu ildə Dünya Bankı və IMF-nin illik toplantısına ev sahibliyi etmək üçün qısa siyahıya düşüb

Maliyyə
  • 07 oktyabr, 2025
  • 15:15
Azərbaycan 2029-cu ildə Dünya Bankı və IMF-nin illik toplantısına ev sahibliyi etmək üçün qısa siyahıya düşüb

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) 2029-cu ildə illik toplantısına ev sahibliyi etmək üçün qısa siyahıya daxil edilib.

"Report" xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin dekabr ayında Azərbaycana bu məqsədlə qiymətləndirmə missiyası səfər edəcək.

A.Kərimov həmçinin, bildirib ki, İslam İnkişaf Bankı Qrupu, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq genişlənir: "Gələn il İslam İnkişaf Bankının illik toplantısına Azərbaycan ev sahibliyi edəcək. Bu isə halal sertifikatlaşdırılması və İslam maliyyəsi mövzularını diqqət mərkəzində saxlamaq üçün mühüm imkan yaradacaq".

Qeyd edək ki, Azərbaycanda İslam İnkişaf Bankı Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək.

Tədbir çərçivəsində, həmçinin bir sıra paralel toplantılar - Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) 22-ci Baş Assambleyası, İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) İdarə Heyətinin 33-cü illik iclası, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) İdarə Heyətinin 26-cı illik iclası, eləcə də İnkişaf naminə İslam Həmrəylik Fondunun (ISFD) 19-cu Baş Assambleyası təşkil olunacaq.

Bundan əlavə, Qara Dəniz Ticarət və İnkişaf Bankının İdarəçilər Şurasının 28-ci illik iclası da 2026-cı ildə Azərbaycanda keçiriləcək [tarixlər açıqlanmayıb- red.].

Son xəbərlər

Bütün Xəbər Lenti