Azərbaycan 2026-cı ilə qədər müxtəlif sektorlarda artım hədəflərini açıqlayıb
- 19 oktyabr, 2023
- 08:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2026-cı ilə qədər kənd təsərrüfatı sektorunda hər il orta hesabla 4 %, nəqliyyat sektorunda isə 5 %-dən çox artım hədəflənir.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"də bildirilir.
Sənədə əsasən, ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlirlər 2019-cu ildəki 227 milyon manatdan 2026-cı ildə 450 milyon manata çatacaq. Qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,3 % artacaq. Sənaye zonalarının qeyri-neft sənayesi istehsalındakı payı 15 %, qeyri-neft sənaye ixracında payı isə 25 % olacaq. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10 %-dən çox, tikinti sektorunda isə 3 % ətrafında artım olacaq. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq.