“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2024
  • 12:48
“Azər-Türk Bank maliyyə vəziyyətini açıqlayıb

“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 18,371 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 75 % çoxdur.

9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 106,467 milyon manat (illik müqayisədə 57,4 % çox), xərcləri 79,543 milyon manat (56,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,93 milyon manat (5 % çox), mənfəət vergisi ödəmələri isə 4,623 milyon manat (84,9 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 1 milyard 548,469 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 79,4 % çoxdur. Bunun 766,115 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 79,8 % böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 84,6 % artaraq 1 milyard 444,716 milyon manata, o cümlədən depozit portfeli 2,2 dəfə artaraq 928,393 milyon manata, balans kapitalı isə 28,4 % artaraq 103,753 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

44 - Tezliklə