"Azər-Türk Bank"ın xalis mənfəəti 2 dəfə azalıb

Maliyyə
  • 15 iyul, 2025
  • 16:15
Azər-Türk Bankın xalis mənfəəti 2 dəfə azalıb

"Azər-Türk Bank" ASC bu ilin I yarısını 6,924 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 48,9 % və yaxud təxminən 2 dəfə azdır.

Yanvar-iyun aylarında "Azər-Türk Bank"ın gəlirləri 84,484 milyon manat (illik müqayisədə 24,3% çox), xərcləri 72,616 milyon manat (45,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,393 milyon manat (68,6 % çox), mənfəət vergisi ödəmələri isə 1,55 milyon manat (37,9 % az) təşkil edib.

Bu il iyulun 1-nə "Azər-Türk Bank"ın aktivləri 1 milyard 918,414 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,2 % çoxdur. Bunun 791,76 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7 % böyüyüb.

Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 29,1 % artaraq 1 milyard 804,495 milyon manata, o cümlədən depozit portfeli 28,4 % artaraq 1 milyard 144,65 milyon manata, balans kapitalı isə 15,6 % artaraq 113,919 milyon manata, o cümlədən nizamnamə kapitalı 58 % artaraq 79 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

44 - Tezliklə