“Azər-Türk Bank"ın nizamnamə kapitalı bir qədər də artırılır

Maliyyə
  • 12 may, 2025
  • 10:56
“Azər-Türk Bankın nizamnamə kapitalı bir qədər də artırılır

İyunun 20-si, saat 10:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Bankın kənar auditorun yoxladığı 2024-cü il üzrə maliyyə hesabatlarının və idarəetmə hesabatının təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin yenilənməsi, nizamnamə kapitalının artırılması, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və Müşahidə Şurası haqqında əsasnaməsinin təsdiq olunması məsələləri daxildir.

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmləri Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Türkiyənin "Zıraat Bank"ına, "Zıraat Bank İnternational"a, "AzRe Təkrarsığorta" ASC-yə və "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Bank bu ilin I rübündə nizamnamə kapitalını 29 milyon manat və yaxud 58 % artıraraq 50 milyon manatdan 79 milyon manata çatdırıb.