Azər Əmiraslanov: "Azərbaycanda stimullaşdırıcı tədbirlərin dairəsi genişləndirilməlidir"
- 19 noyabr, 2025
- 11:56
Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısamüddətli dövrdə zəiflədə biləcəyini nəzərə alaraq stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, büdcə zərfi mühüm strateji sənəd olmaqla yanaşı mahiyyətcə, dövlətin gəlir və xərcləri üzrə qanunla təsdiq edilən proqnoz rəqəmlərdir: "Bu proqnoz göstəricilərin real xəzinəyə - dövlət xərcləmələrinə çevrilməsi vergi daxilolmaları hesabına büdcə gəlirlərimizin formalaşdırılmasından asılıdır. Bunun üçün milli iqtisadiyyatımızın gəlir yaratmaq qabiliyyəti gücləndirilməli, iqtisadi imkanlarımız səfərbər olunmalı, sahibkarlıq potensialı tam hərəkətə gətirilməlidir".
Deputat qeyd edib ki, özəl sektorun ÜDM-də 81 %, tikintidə 89 %, məşğulluqda 79 %, xidmət sektorunda 72 % paya malik olması Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsidir: "Bu göstəricilər eyni zamanda sahibkarların iqtisadi quruculuq prosesində fəal iştirakını təsdiq edir. Ölkəmizin bu günkü inkişaf mərhələsində artıq özəl şirkətlər, hətta hərbi sənaye quruculuğuna cəlb edilir. Bu həm də dövlətimizin özəl sektora etibarı və etimadıdır. Sahibkarlıq potensialından nə qədər səmərəli istifadə edilərsə, onun iqtisadi artıma və rifaha da bir o qədər ciddi töhfəsi olacaq.
Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısamüddətli dövrdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirməliyik. Nəzərə alınmalıdır ki, makroiqtisadi stabilliyin bir sütunu büdcə dayanıqlığı və maliyyə sabitliyidirsə də, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan, fiskal, monetar, sənaye-investisiya, başqa sözlə artım siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq vahid iqtisadi siyasətdə optimal bir şəkildə birləşdirilməsini vacib hesab edirik".