Azər Ələsgərov: "Pul kütləsinin artımı inflyasiyaya ciddi təzyiq yaratmır"

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:34
Azər Ələsgərov: Pul kütləsinin artımı inflyasiyaya ciddi təzyiq yaratmır

Azərbaycanda pul kütləsinin artımı inflyasiyaya ciddi təzyiq yaratmır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azər Ələsgərov deyib.

Onun sözlərinə görə, AMB-nin valyuta alışları pul kütləsinin artmasına səbəb olur: "Pul bazarında da pul kütləsinin həcminin artdığını görürük. Məsələn, M0 pul aqreqatı son bir ildə 12,4 %, M1 pul aqreqatı 17 %, M2 pul aqreqatı isə 21,3 % artıb. Yəni pul kütləsinin artım tempi yüksəlib. Müsbət məqam ondan ibarətdir ki, geniş pul kütləsinin tərkibində daha uzunmüddətli komponentlərin artım tempi daha yüksəkdir. Belə ki, tələbli əmanətlərin artım tempi 23 %, müddətli əmanətlərin artım tempi isə 37,7 % təşkil edir".

A.Ələsgərov qeyd edib ki, pul kütləsinin artımının inflyasiyaya təsiri onun hansı mənbələr hesabına artmasından, eyni zamanda geniş pul kütləsinin hansı komponentlərinin daha sürətlə artmasından çox asılıdır: "Əgər geniş pul kütləsi valyuta alışları hesabına daha çox artırsa, bu, AMB-nin valyuta ehtiyatlarının pul kütləsinə nisbətinin yüksəlməsi deməkdir. Məsələn, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının manatla ifadə olunan geniş pul kütləsinə nisbəti 2025-ci ilin dekabrında təxminən 51 % idisə, hazırda bu göstərici 60 %-ə yaxınlaşıb".

O deyib ki, pul kütləsinin valyuta ehtiyatları ilə təmin olunma səviyyəsinin yüksəlməsi o deməkdir ki, hər hansı şok baş verərsə, pul kütləsini tənzimləmək mümkün olacaq: "Digər tərəfdən, daha uzunmüddətli komponentlərin artması da pul kütləsinin inflyasiyaya təsirini müəyyən qədər məhdudlaşdırır. Ümumilikdə, nağd pulun və geniş pul kütləsinin artım tempi iqtisadiyyatın nominal artım tempinə hələ ki, adekvat olub. Hazırda bu artımların inflyasiyaya əhəmiyyətli təzyiq yaratdığını görmürük. Göründüyü kimi, həm faktiki, həm də proqnozlaşdırılan inflyasiya hədəf çərçivəsində qalır".

44 filmi