ARDNF yeni investisiya imkanlarını qiymətləndirir
- 29 oktyabr, 2025
- 14:29
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti qurumun beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarının təhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti "The Arab Energy Fund", "Starwood Capital Group", "Gulf Islamic Investments", "Investindustrial", "Warburg Pincus", "Luma Group", "CVC Capital Partners", "Franklin Templeton", "Brookfield Asset Management", "BTG Pactual", "China Investment Corporation" və "FSI (Fondo Strategico Italiano)" kimi aparıcı beynəlxalq investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgə investisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlarda iştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobal iqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılması müzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiya modelləri, suveren sərvət fondlarının institusional kapital bazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərlə yanaşı, İ.Məmmədov paytaxt Ər-Riyadda baş tutmuş "Future Investment Initiative 2025" (FII9) adlı beynəlxalq konfrans çərçivəsində "Yeni iqtisadi reallıqda suveren sərvət və institusional kapital" mövzusunda panel müzakirəsində çıxış edib. Müzakirələr suveren sərvət fondları və institusional investorların qlobal iqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasi şəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlı maliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktual məsələlərə həsr olunub.
İ.Məmmədov suveren sərvət fondlarının qlobal kapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-in investisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektiv idarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslanan məsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb. O, həmçinin, Fondun investisiya strategiyasında texnoloji innovasiyaların və enerji keçidi proseslərinin dəstəklənməsinin prioritet istiqamət olduğunu qeyd edib. İsrafil Məmmədov ilə yanaşı, panelin spikerləri sırasında həmçinin "The TCW Group, Inc." şirkətinin Prezidenti və Baş icraçı direktoru Keti Kox, "Liberty Strategic Capital" şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş Maliyyə naziri Stiven T. Mnuçin, "China Investment Corporation" şirkətinin İcraçı vitse-prezidenti Şaoçin Jan və "The National" nəşrinin geoiqtisadiyyat üzrə redaktoru Manas Krenni çıxış ediblər.