“Aqrarkredit”in bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdirməyə çıxarılıb

Maliyyə
  • 30 dekabr, 2022
  • 12:43
“Aqrarkredit”in bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdirməyə çıxarılıb

Prezident İlham Əliyev “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə bir sıra hüquqi şəxslər, əmlak kompleksləri, qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə) özəlləşdirməyə açıq elan edilib.

Bunlar "Qaradağ Mərmər Qranit”, “Deutsche Fassaden Technologien”, “Balaxanı Metal Məmulatları”, “Accopen”, “Xırdalan Metal Konstruksiyaları”, “Bakı Prefabrik”, “Ağstafa Tekstil” və “Abşeron Kərpic” MMC-lərdir.

Özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, ölkə prezidentinin 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edir. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi isə "Aqrarkredit”lə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra müəssisə və obyektlərin idarə edilməsini və əmlakının qorunub saxlanılmasını təmin etməli, müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməli, özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etməli, borclarının restrukturizasiyasına və yaxud silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

“Aqrarkredit” isə sərəncamla özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsini və təhvil-təslim işlərinin aparılmasını üç ay müddətində təmin etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi isə sərəncamda göstərilən müəssisə və obyektlərin balans dəyəri məbləğində “Aqrarkredit”in onun qarşısında olan öhdəliyinə xitam verməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.