“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti kəskin azalıb

Maliyyə
  • 29 mart, 2024
  • 14:06
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti kəskin azalıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2023-cü ili 57 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 66,4 % və yaxud 3 dəfə azdır.

Ötən il “Aqrar Sığorta"nın gəlirləri 11,381 milyon manat (əvvəlki ilə nisbətən 35 % az), xərcləri 11,307 milyon manat (34,6 % az), mənfəəət vergisi ödəmələri isə 17 min manat (62,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 13,533 milyon manat olub ki, bu da illik müqayisədə 5,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6 % azalaraq 11,262 milyon manata, balans kapitalı isə 4,7 % azalaraq 2,27 milyon manata düşüb.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.