"Aon": Böyük investisiyalar qlobal broker bazarında konsolidasiyanı sürətləndirir

Maliyyə
  • 25 iyun, 2026
  • 16:33
Aon: Böyük investisiyalar qlobal broker bazarında konsolidasiyanı sürətləndirir

Böyük investisiyalar qlobal broker bazarında konsolidasiyanı sürətləndirir.

"Report" xəbər verir ki, bunu "Aon" şirkətinin MDB ölkələri üzrə təkrarsığorta təcrübəsi departamentinin rəhbəri Alla Migashko Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, xüsusilə ən böyük brokerlər arasında daha çox mərkəzləşmə və konsolidasiya müşahidə olunacaq: "Lakin bu, bazarda yalnız bir neçə brokerin qalacağı anlamına gəlmir. Bunun əsas səbəblərindən biri miqyasın getdikcə daha böyük əhəmiyyət kəsb etməsidir. Çünki texnologiyaya, məlumatların təhlilinə, analitikaya, süni intellektə (AI) və qlobal xidmətlərin göstərilməsinə yönələn investisiyalar getdikcə daha baha başa gəlir. Böyük şirkətlər isə bu cür investisiyaları həyata keçirmək üçün daha əlverişli mövqedə olurlar.

Eyni zamanda, kiçik ixtisaslaşmış brokerlərin bazardan yox olacağını düşünmürəm. Əksinə, qeyd etdiyiniz kimi, MGA-lərin (Baş İdarəedici Agentliklər) və niş brokerlərin inkişafı davam edir. Onlar müəyyən sahələr, məhsullar və ya texnologiyalar üzrə dərin ekspertiza təqdim edirlər".

"Nəticə etibarilə, bu tendensiyanın hansı həddə qədər davam edəcəyinə müştərilər qərar verəcəklər. Böyük transmilli şirkətlərə çox vaxt qlobal imkanlar və inteqrasiya olunmuş həllər lazım olur. Daha kiçik müştərilər isə hələ də yerli ekspertizaya üstünlük verirlər. Beləliklə, mən gələcəyi bir neçə nəhəng şirkətin hökmranlıq etdiyi bazar kimi deyil, iri qlobal və regional oyunçuların, eləcə də ixtisaslaşmış şirkətlərin birgə fəaliyyət göstərdiyi və hər birinin mühüm rol oynadığı bir ekosistem kimi görürəm", - deyə A.Migashko əlavə edib.