"Anglo-Asian Mining” bu il qızıl və misin bahalaşacağını gözləyir
- 23 fevral, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2023-cü ildə qızılın bir unsiyasının qiyməti 1 800 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə “Report” Britaniya şirkətinin yaydığı hesabata əsasən məlumat verib.
Bildirilib ki, 2022-ci ilin sonuna qızılın bir unsiyasının qiyməti 1 797,55 ABŞ dolları təşkil edib.
Şirkətin proqnozlarına görə, 2023-cü ildə gümüşün bir unsiyasının qiyməti isə 20 ABŞ dolları təşkil edəcək. Ötən ilin sonuna bu metalın dəyəri 23,97 ABŞ dolları olub.
Bu il misin bir tonunun qiyməti isə 8 500 ABŞ dolları səviyyəsində gözlənilir. 2022-ci ilin sonuna misin bir tonu 8 387 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.