AMFA: BOKT-larla bağlı hüquqi çərçivə qaneedicidir

Maliyyə
  • 29 yanvar, 2026
  • 12:11
AMFA: BOKT-larla bağlı hüquqi çərçivə qaneedicidir

Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsi ilə bağlı hüquqi çərçivə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyini qane edir.

Bunu "Report"a açıqlamasında AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

"Son iki ildə baş vermiş dəyişikliklər müsbətdir. Xüsusilə mikromaliyyə modeli üzrə strateji çərçivənin təsdiqlənməsi sektorun yol xəritəsini təmin edir. Həmin yol xəritəsi üzrə planlaşdırılmış fəaliyyətlərin icrası, mikromaliyyə sektorunu yeni bir mərhələyə gətirib çıxaracaq. Beləliklə, mikromaliyyə təşkilatları öz müştərilərinə daha innovativ məhsullar təqdim etməkdə maraqlı olacaqlar. Bu strateji sənəd onları bir növ həmin yolda dəstəkləyəcək", - deyə o qeyd edib.

J.Hacıyevanın sözlərinə görə, bu gün əsas prioritet yerli valyutada maliyyə resurslarının cəlb edilməsidir: "Çünki yeni xidmətlər göstərmək, xidmət çeşidini artırmaq, ümumiyyətlə yeni qaydalara uyğunlaşmaq üçün xərclər artır. Yaranmış xərcləri qazanc hesabına qarşılamaq üçün isə təşkilatlar portfellərini böyütmək məcburiyyətində qalırlar. Bu baxımdan da BOKT-ların inkişafı yerli valyutada maliyyə resurslarının cəlb olunması ilə çox sıx bağlıdır. Bu gün beynəlxalq maliyyə bazarından cəlb edilən maliyyə resursları dollarda və yaxud avroda olduğu üçün hedc xərcləri yaradır və bu da BOKT-ları digər maliyyə qurumları ilə rəqabətdə bir az geri salır. Ona görə də bugünkü gün prioritet xarici investorların deyil, yerli investorların cəlb edilməsidir".

Bundan başqa, icraçı direktor qeyd edib ki, BOKT-ların rəqəmsal keçidini dəstəkləyən bir çox qaydalar təsdiq olunub: "Artıq İT auditi tələb olunur, kibertəhlükəsizlik qaydaları, risklərin idarə edilməsi ilə bağlı qaydalar nəticə etibarilə onların daha təhlükəsiz və əlçatan maliyyə xidmətlərinin mobil tətbiq üzərindən həyata keçirilməsi üçün addımlardır. Bu gün bir çox BOKT-larda mobil tətbiqlər istifadə olunur. Bu xidmətlərin daha təhlükəsiz və əlçatan olması üçün "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi ilə əməkdaşlıq edirik. Çünki uyğunlaşdırma qaydaları təsdiq edildikcə təkmilləşdirmə işlərinin aparılması zəruri olur".

Son xəbərlər

Bütün Xəbər Lenti