AMB: Sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması planlaşdırılır

Maliyyə
  • 21 oktyabr, 2026
  • 11:47
AMB: Sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması planlaşdırılır

Azərbaycan Mərkəzi Bankının (AMB) 2027-2030-cu illər üzrə inkişaf strategiyasında sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması əsas istiqamətlərindən biri kimi müəyyən olunub.

"Report" xəbər verir ki, bunu AMB-nin Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov qurumun təşkil etdiyi "Sığorta sektorunun maliyyə dayanıqlığında rolu" mövzusundakı təlimdə bildirib.

Onun sözlərinə görə, bazar infrastrukturunun gücləndirilməsi də əsas hədəflərdən biridir: "Bazarda innovasiyaların və satış kanallarının inkişaf etdirilməsi, daha çox onlayn satış kanallarının, elektron kanallar vasitəsilə məhsulların satışının gücləndirilməsi üzrə fəaliyyət nəzərdə tutulub. Həmçinin prudensial tənzimləmə və nəzarət sahəsində yeniliklər olacaq ki, burada sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması, risklərin idarə edilməsi və nəzarət çərçivəsinin təkmilləşdirilməsi planlaşdırılır".

"Azərbaycanda sığorta və təkrar sığorta bazarının inkişaf etdirilməsində əsas məsələ könüllü sığorta məhsullarının inkişafı və sığorta sisteminin beynəlxalq təkrar sığorta imkanlarının genişləndirilməsidir. Digər mühüm istiqamət icbari sığortaların təkmilləşdirilməsi, yəni, əhatə dairəsinin genişləndirilməsi, effektivliyinin artırılması, həm də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsidir. Məlumat bazaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn əgər evin çıxarışı yoxdursa, ev sığortasına çıxış da yoxdur. Artıq bu məlumat bazalarına girişin əldə olunması sığorta şirkətlərinə məlumatları daxil etmək imkanı verəcək. Hazırda icbari avtosığorta üzrə şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilir, orada texniki pasport və avtomobilin qeydiyyat nömrəsini yazmaqla bütün məlumatları görə bilirlər, icbari sığortanın digər növləri ilə bağlı da belə bir sistemin qurulması nəzərdə tutulur", - deyə AMB rəsmisi qeyd edib.