AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
- 03 oktyabr, 2025
- 18:24

Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, son 1 ildə sığortaçıların sığorta haqları üzrə debitor borcları 26 % və yaxud 25,5 milyon manat artaraq bu il iyulun 1-nə 122 milyon manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə debitor borclar 21 % və yaxud 9 milyon manat artaraq 53 milyon manat, qeyri-həyat sığortası üzrə debitor borclar isə 31 % və yaxud 16 milyon manat artaraq 69 milyon manat təşkil edib. Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının aktivlərdə payı 6 %-dir.
Sığorta haqları üzrə debitor borcların 73 %-i ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta haqları, 4 %-i ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta haqları, 23 %-i ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta haqları təşkil edir. Sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydada ödəmə vaxtı 45
gündən artıq müddətə gecikdirilmiş sığorta haqları məcmu kapitalın hesablanmasına nəzərə alınmır. Beləliklə həmin debitor borcları sığortaçıların dayanıqlığına təhdid yaratmır.