AMB rəsmisi: "İlkin İslam bankçılığı məhsulları müəyyən edilib"
- 23 oktyabr, 2025
- 11:17

Azərbaycanda ilkin mərhələdə tətbiq ediləcək İslam bankçılığı məhsulları müəyyən edilib.
"Report"un xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, islam bankçılığı alternativ maliyyələşmə mexanizmi kimi diqqət mərkəzindədir və AMB-nin strateji hədəfləri sırasına daxil edilib: "Əsas məqsəd İslam bankçılığının ölkəmizdə tətbiqi yanaşmasını müəyyən etmək, onun strategiyasını formalaşdırmaq və həyata keçirməkdir. AMB aidiyyəti dövlət qurumları ilə birgə artıq bu prosesə başlayıb, ayrı-ayrı ölkələrin, xüsusən İslam bankçılığının tətbiqində nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsini, İslam bankçılığı üzrə mövcud modelləri təhlil edib, ölkəmizə uyğun yanaşma müəyyən edib.
Bu yanaşma İslam bankçılığı məhsullarının banklarda İslam pəncərəsi modeli vasitəsi ilə tətbiqini nəzərədə tutur. Bu modelin həyata keçirilməsi üçün AMB özünün yol xəritəsini müəyyən edib. Yol xəritəsi bir neçə sütundan ibarətdir. İlk növbədə İslam maliyyəsi pəncərəsi ilə müstəqil ekspertlər İslam maliyyəsi məhsullarını müəyyən edəcəklər. Bununla bağlı həm maliyyə sektorunun, həm də müxtəlif sektorların assosiasiyaları, müstəqil və beynəlxlaq ekspertlərlə məsləhətləşmələr aparmaqla ilkin mərhələdə tətbiq ediləcək İslam bankçılığı məhsulları müəyyən edilib".
AMB rəsmisi əlavə edib ki, İslam bankçılığı məhsullarının tətbiqi üçün qanunvericilik çərçivəsinə ehtiyac var: "Bununla bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik layihələri hazırlanıb. Bunlar, Mülki Məcəllə, VergiMəcəlləsi, "Banklar haqqında" qanun və digər qanunvericilik aktlarını əhatə edir. Bu layihələr maliyyə sektoruna təqdim edilir. Onların rəyləri toplanılır və müzakirə edilir. Əsas məqsədimiz bu hazırlıq prosesini mümkün qədər tez yekunlaşdırmaq və qanunvericilik paketinə dəyişikliyi yekunlaşdıraraq, baxılması üçün hökumətə təqdim etməkdir".