AMB: Mərkəzi Asiya və Xəzər regionunun maliyyə təhlükəsizliyi vahid yanaşma tələb edir
- 10 iyun, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya və Xəzər regionunda tənzimləmələrin sinxronlaşdırılması zəruridir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, bugünkü Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətlərində tənzimləyici qaydalar müəyyən dərəcədə pərakəndə xarakter daşıyır: "Effektiv fəaliyyətin təmin olunması üçün bu sahədə sinxronlaşdırmanın aparılması vacibdir. Biz bunu "transsərhəd konvergensiya" kimi qiymətləndiririk.
Digər tərəfdən, nəzarət orqanları arasında aktiv təcrübə mübadiləsi və əməkdaşlıq da mühüm istiqamət kimi çıxış edir. Bu proses hazırda davam etdirilir və daha da gücləndirilməsi nəzərdə tutulur.
Yekun olaraq, bizim əsas strateji baxışımız dörd fundamental ünsür üzərində qurulub: beynəlxalq standartların tətbiqi,
rəqəmsal həllərin genişləndirilməsi, korporativ və komplayens mədəniyyətinin inkişafı, qayda və təcrübələrin sinxronlaşdırılması".
Z. Hacılı hesab edir ki, ümumiyyətlə regionda maliyyə təhlükəsizliyi vahid yanaşmanın həyata keçirilməsini tələb edir.
"Bu gün investorlar bizi ayrı-ayrı ölkələr üzrə deyil, bütövlükdə region olaraq qiymətləndirirlər. Onlar regionun maliyyə etibarlılığına və maliyyə təhlükəsizliyinə əsasən qərar verirlər. Bu yanaşma isə bizi vahid komplayens ekosisteminin formalaşdırılması və dəstəklənməsi istiqamətində daha da irəliləməyə vadar edir. Vahid komplayens ekosistemi elə bir adaptiv və dinamik mühitdir ki, burada beynəlxalq standartlar, korporativ və xüsusilə komplayens mədəniyyəti, müasir texnoloji həllər və ölkələrarası sinxronlaşdırılmış tənzimləyici qaydalar vahid şəkildə tətbiq olunur. Anlayırıq ki, bu gün komplayens qaydaları artıq əlavə yük kimi qəbul edilmir, əksinə, rəqabət üstünlüyü yaradan əsas amillərdən birinə çevrilib", - o vurğulayıb.