AMB: "Not hərraclarında iştirak edən bankların sayı artır"
- 16 dekabr, 2022
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi not hərraclarında iştirak edən bankların sayı artır.
"Report" xəbər verir ki, bunu AMB bəyan edib.
"Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7,9% təşkil edib. Sterilizasiya əməliyyatlarının genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7,3% artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək.
Yeni əməliyyat çərçivəsinə uyğun olaraq AMB-nin müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların dəyəri 660 milyon manat və yaxud 2,3 dəfə artıb. Not hərraclarında iştirak edən bankların sayı artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 milyon manatlıq əməliyyat baş tutub", - deyə açıqlamada qeyd olunub.