Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
- 07 sentyabr, 2026
- 14:08
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
"Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə avqustda təxminən 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib", - deyə məlumatda qeyd olunub.
Qurum həmçinin bəyan edib ki, daxili bazarıan alınmış xarici valyutanın tam və yaxud bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir. Makroiqtisadi sabitliyin qorunması məqsədiləvalyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirak davam etdiriləcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.
Bu il sentyabrın 1-nə AMB-nin valyuta ehtiyatları avqustun 1-i ilə müqayisədə 11,1 % çoxdur.
Valyuta ehtiyatları ötən ilin sonuna nisbətən 32,9 %, son 1 ildə isə 36,7 % artıb.