AMB-nin sədri: "Banklar kreditləşməyə daha 4,6 milyard manat yönəldə bilər"
- 31 iyul, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklar kreditləşməyə daha 4,6 milyard manat vəsait yönəldə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir: "Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər".
Bundan başqa, T.Kazımovun sözlərinə görə, fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər 2025-ci ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi, yeni verilmiş kreditlər üzrə faiz dərəcələri də aşağı düşüb. Fiziki şəxslərə verilən yeni kreditlər üzrə faizlər 0,2, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb: "2025-ci ilin iyun ayı ilə müqayisənin aparılması təsadüfi deyil. Həmin dövrdən etibarən AMB uçot dərəcəsini aşağı salmağa başlayıb və il ərzində onu ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərar depozit və kredit faizlərinə də öz təsirini göstərib".
"Kredit faizləri istədiyimiz tempdə azalmır. Nəzərə alsaq ki, Azərbaycanda bu proseslər ilk dəfə yaşanır, bu nəticə bizim üçün mühümdür. Kreditlər üzrə faizlərin daha çox azalmasını istərdik. Lakin mən bunu bir neçə dəfə qeyd etmişəm. Kredit faizlərinin istədiyimiz səviyyədə dəyişməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin yetərincə yüksək olmamasıdır", - deyə baş bankir əlavə edib.
Bununla belə, onun sözlərinə görə, yüksək izafi likvidlik faiz dərəcələrinin azalmasına şərait yaradır: Bizim gözləntilərimiz ondan ibarətdir ki, həm depozitlər, həm də kreditlər üzrə faiz dərəcələri aşağı meyl göstərəcək. Bunun ən əsas səbəbi bank sektorunda yüksək izafi likvidliyin olmasıdır. Ən başlıca səbəb budur. Düşünürəm ki, növbəti qərarlarımız da bu meyli dəstəkləyəcək. Tələbin təklifi üstələməsinin səbəblərindən biri də de-dollarlaşma prosesi, digəri isə idxaldır".
"Uçot dərəcəsindəki dəyişiklik kreditlərə təxminən 3–6 ay ərzində təsir edir. Bunun da məntiqi var. Çünki bankların maya dəyəri azaldıqca, onların xərcləri də azalır. Banklar xərclərini daha tez azaltmağa meyllidirlər, nəinki gəlirlərini. Ona görə də depozit faizləri daha tez tənzimlənir, kredit faizlərinin dəyişməsi isə daha uzun müddət tələb edir. Burada rəqabət amilinin də təsiri çox vacibdir", - deyə T.Kazımov əlavə edib.