AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib
- 06 may, 2026
- 13:49
Azərbaycanın ictimai nəqliyyatında NFC ödənişləri zamanı vəsaitin bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutulması "Visa" və "Mastercard" beynəlxalq kart təşkilatlarının işi ilə bağlı deyil.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Nəqliyyat ödənişləri ilə bağlı əksər ölkələrdə təcrübə belədir ki, terminal ödəniş qəbul edəndə, oflayn rejimdə çalışır, həmin anda kart hesabında pul olub-olmadığını yoxlaya bilmir, amma sizin nəqliyyatdan istifadə etməyinizə imkan verir, özündə borcla bağlı qeydiyyat aparır. Bir neçə saatdan, hətta bir gündən sonra hesabda pul varsa, o silinir. Biz indi banklarla bu prosesi təkmilləşdirmək barərə danışırıq. Amma sinxronlaşma problemləri varsa, həll olunacaq. Amma hesab edirəm ki, "Visa" və "Mastercard"ın sistemlərini tənzimləmək lazımdır. Çünki bu məsələ əhali arasında anlaşılmazlıq yaradır", - deyə o qeyd edib.