AMB: Müştərilər artıq bir tətbiqdə müxtəlif banklardakı hesablarını görə bilirlər
- 19 noyabr, 2025
- 13:08
Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul və ödəniş təşkilatlarının açıq bankçılıq sisteminə inteqrasiyasına start verib.
"Report" xəbər verir ki, bunu AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.
Onun sözlərinə görə, inteqrasiya prosesi başa çatdıqdan sonra banklara ödəniş xidmətləri üzrə də API spesifikasiyaları təqdim olunacaq:
"Bildiyiniz kimi, Azərbaycanda açıq bankçılıq funksionallığı 6 oktyabr tarixindən fəaliyyətə başlayıb və bu, uzun müddətdir gözlənilən addım idi. Hazırda 18 bank açıq bankçılıq API-larını Mərkəzi Bankın mərkəzləşdirilmiş infrastrukturu üzərindən təqdim edir. Artıq 4 təşkilat öz mobil tətbiqlərinə açıq bankçılıq funksionallığını inteqrasiya edib. Həmin bankların müştəriləri bu API-lardan istifadə edərək digər banklardakı hesabları haqqında məlumatlara baxa bilirlər.
Hazırda təqdim olunan imkanlar yalnız hesab məlumatları funksionallığını əhatə edir - hesabların siyahısı, hər hesab üzrə balans və əməliyyat tarixçəsi sistemi üzərindən görüntülənir".