AMB: Maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır

Maliyyə
  • 29 iyun, 2026
  • 10:32
AMB: Maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır

Azərbaycanda maliyyə sektorunda innovasiya və risk arasında balans qorunmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məsələdə çox vacib məqam balansın düzgün qorunması ilə bağlıdır: "Çünki innovasiya anlayışı müzakirə olunarkən, bir çoxlarının ağlına ilk növbədə risklər gəlir. İnnovasiya yenilik, yəni bu günə qədər mövcud olmayan bir imkanın və ya yanaşmanın tətbiqi deməkdir. Təbii ki, bu da tənzimləyici qurumlar üçün əlavə diqqət və nəzarət tələb edən bir sahə kimi qiymətləndirilir. Lakin bu müddət ərzində AMB kifayət qədər fəal rol oynayıb və innovasiya mühitinin formalaşdırılması istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış edib. Məlum olduğu kimi, 2024-cü ildən maliyyə sektorunun inkişaf strategiyasının icrasına başlanılıb. Üçillik dövrü əhatə edən həmin strategiyanın artıq son ilindəyik. Eyni zamanda, növbəti strateji dövrə hazırlıq işləri də aktiv şəkildə davam etdirilir. Hazırda 2027–2030-cu illəri əhatə edəcək yeni dördillik strategiya üzərində iş aparılır. Mövcud strategiyanın nəticələrinə gəldikdə isə, sadə dillə desək, bu dövr ərzində kifayət qədər geniş və müxtəlif işlər görülüb".

44 - Tezliklə