AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
- 21 sentyabr, 2026
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etmir.
Bu barədə "Report"a qurumdan bildirilib.
"Konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır. AMB-nin rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün bu əməliyyat qanunvericiliyə uyğun olaraq yalnız AMB-nin razılığı tələb edilən mərhələyə çatdıqda, məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir və ictimaiyyətə açıqlanması tələb olunan məlumatlar müvafiq qaydada təqdim edilir.
Maliyyə sektoru ilə bağlı təşəbbüslər, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ilə müəyyən edilib və Strategiyada bankların məcburi konsolidasiyasına dair hər hansı təşəbbüs nəzərdə tutulmayıb. Bankların öz təşəbbüsü ilə irəli sürülən və bank sektorunun dayanıqlığının gücləndirilməsinə xidmət edən konsolidasiya təşəbbüsləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilir", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bu günlərdə "Bank Respublika" ASC-nin "Access Bank" QSC-ni alacağı məlum olub. Bundan əvvəl isə "Bank BTB"nin ASC aktiv və öhdəliklərini "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürərək bank olmayan kredit təşkilatına çevrilib.