AMB: "İnflyasiya ilin sonuna faktiki templərdən aşağı olacaq"
- 17 iyun, 2022
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır.
Bu barədə "Report"a Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.
"Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir", - məlumatda deyilir.
AMB vurğulayıb ki, pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər yüksəlib. Rəsmi statistikaya görə 2022-ci ilin may ayında inflyasiya 0,7 % olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13,7 % artıb. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20,2 % artmış, qeyri-ərzaq məhsulları 7,1 %, xidmətlər isə 10,3 % bahalaşıb. İllik baza inflyasiyası may ayında 10 % təşkil edib.
"İnflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır. Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədə qalır. Dünya Bankının məlumatına görə son 2 ayda (aprel-may ayları) dünya əmtəə qiymətləri enerji məhsulları üzrə 1,4 %, qeyri-enerji məhsulları üzrə isə 9,4 % azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 1,5 % azalıb. Bu azalma əsasən yağların və süd məhsullarının ucuzlaşması hesabına baş vermişdir. Un məmulatları və ətin qiyməti isə artmaqda davam edir. Gərgin geosiyasi vəziyyət qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir.
Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd təsərrüfatı istehsalçı qiymətləri 16,3 %, qeyri-neft sənaye istehsalçı qiymətləri indeksi isə 20,1 % yüksəlib", - bəyanatda deyilir.
Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə may ayında inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlmiş, tikintidə isə azalıb.
"Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik edilməyib. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir. Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozu dəyişməz qalır.
Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi həm faktiki, həm də proqnozlaşdırılan inflyasiyanın dekompozisiyasında başlıca azaldıcı monetar amil kimi çıxış edir.
"İnflyasiyanın risk balansı əsasən dünyadakı geosiyasi vəziyyət fonunda yaranan qeyri-müəyyənliklərin təsiri altında formalaşır.
Qlobal iqtisadi bərpanın zəifləməsi riski qlobal staqflyasiya riski ilə əvəzlənib. Bu şəraitdə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin artması və təchizat zəncirindəki problemlər səbəbindən Azərbaycana inflyasiya idxalının daha da güclənməsi başlıca xarici riskdir. Dünya əmtəə qiymətlərinin yüksəlməsilə yanaşı inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə kapital axınlarının güclənməsi də tərəfdaşlarda maliyyə bazarlarının vəziyyətinə və qiymət artımlarına təsir edə bilər. Məcmu tələbin gözləniləndən daha sürətlə yüksəlməsi başlıca daxili riskdir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin genişlənməsinə şərait yaratmaqla məzənnənin inflyasiya idxalını məhdudlaşdırmaq potensialını gücləndirir. Eyni zamanda pul siyasəti qərarları qısa və orta müddətli perspektivdə inflyasiyaya azaldıcı təsir edəcəkdir”, - AMB-nin bəyanatında deyilir