Agentlik: "2026-cı ildə Azərbaycanın dövlət borcu ÜDM-in 23,3 %-nə çatacaq"
- 18 yanvar, 2025
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanın dövlət borcu ÜDM-in 21,1 %-ni təşkil edib və 2026-cı ildə 23,3 %-nə yaxınlaşacaq.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqinin təsdiqlənməsin dair hesabatında bildirilir.
"Azərbaycanın dövlət borcu “Fitch”in investisiya səviyyəli suveren emitentləri arasında ən aşağı göstəricilərdən biridir", - agentlik qeyd edir.
“Fitch” bildirir ki, ölkənin xarici borcu son illərdə mütləq ifadədə azalıb, borcun valyuta strukturu isə yaxşılaşıb.
"Xarici dövlət zəmanətləri və yenidən maliyyələşdirmə 2022-ci ildəki 6,4 milyard ABŞ dollarından 5,6 milyard ABŞ dollarına (ÜDM-in 7,6 %-i) qədər azalıb ki, bunun da 77 %-i gəlirli olan və dövlət dəstəyi tələb etməyəcəyi ehtimal olunan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır", - agentlik vurğulayır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 1 oktyabr 2024-cü il tarixinə Azərbaycanın dövlət borcu 26,201 milyard manat və ya ÜDM-in 21,6 %-i səviyyəsində qiymətləndirilir.
Maliyyə Nazirliyi 2024-cü ilin sonuna dövlət borcunu 28,175 milyard manat səviyyəsində proqnozlaşdırır. Nazirliyin qiymətləndirmələrinə görə, 2025-ci ildə ölkənin dövlət borcu 30 milyard manat və ya ÜDM-in 23 %-ni təşkil edəcək.