"AFB Bank"ın depozit portfeli 8 % azalıb
- 15 oktyabr, 2025
- 09:03

"AFB Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 2,263 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.
9 ay ərzində "AFB Bank"ın gəlirləri 24,119 milyon manat (illik müqayisədə 2,5 % çox), xərcləri 23,071 milyon manat (18,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,215 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə "AFB Bank"ın aktivləri 320,471 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 219,044 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,9 % böyüyüb.
Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 3,2 % artaraq 245,148 milyon manat, o cümlədən depozit portfeli 7,9 % azalaraq 139,795 milyon manat, balans kapitalı isə cüzi azalaraq 75,323 milyon manat olub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.