ADB Türk İnvestisiya Fondu ilə layihələrin birgə maliyyələşdirilməsinə hazırdır
- 18 oktyabr, 2025
- 13:41

Asiya İnkişaf Bankı (ADB) və Türk İnvestisiya Fondu (TIF) layihələrin birgə maliyyələşdirilməsi imkanlarını müzakirə edib.
"Report" TIF-ə istinadən xəbər verir ki, müzakirələr fondun prezidenti Bağdad Amreyevlə ADB-nin vitse-prezidenti İnmin Yan (Yingming Yang) arasında keçirilən görüş çərçivəsində aparılıb.
B.Amreyev vurğulayıb ki, fond türkdilli ölkələr arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığı möhkəmləndirməyə və onların dünya iqtisadiyyatı ilə əlaqələrinin gücləndirilməsinə töhfə verməyə çalışır.
TIF fəaliyyətinin ilkin mərhələlərində regiondaxili əlaqə və iqtisadi inteqrasiyanın inkişafına yönəlmiş transsərhəd layihələrinin birgə maliyyələşdirilməsinə diqqət yetirəcək.
Fondun baş direktoru Ramil Babayev TIF-in ADB ilə daha möhkəm əlaqələr qurmağa hazır olduğunu bildirib və əməkdaşlığa başlamaq üçün bir neçə istiqaməti qeyd edib.
Öz növbəsində, ADB-nin vitse-prezidenti TIF-in fəaliyyət göstərdiyi ölkələrdə bankın həyata keçirdiyi cari əməkdaşlıq layihələri haqqında danışıb və fondla səmərəli qarşılıqlı əlaqələrin qurulmasına dair baxışını bölüşüb.
İ.Yan qeyd edib ki, TIF-in regional istiqaməti ADB-nin prioritetləri ilə yaxşı uzlaşır. O, bankın ümumi məqsədləri irəli aparan layihələrin birgə maliyyələşdirilməsinə açıq olduğunu vurğulayıb.
ADB-nin vitse-prezidenti TIF ilə əməkdaşlığın regionda daha güclü və səmərəli nəticələrə gətirib çıxara biləcəyinə əminliyini ifadə edib.
Tərəflər əməkdaşlıq çərçivəsinin işlənib hazırlanması və TIF ilə ADB arasında uzunmüddətli tərəfdaşlıq üçün zəmin yaradılması məqsədilə texniki məsləhətləşmələrə başlamaqla bağlı razılığa gəliblər.
Qeyd edək ki, Türk İnvestisiya Fondu 2024-cü il mayın 18-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis edilib. Fondun məqsədi türkdilli ölkələrdə dövlət və özəl layihələrə dəstək vermək, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrində investisiya layihələrini dəstəkləmək, davamlı iqtisadi inkişafa töhfə verməkdir.