ADB-nin Mərkəzi və Qərbi Asiya regionu üzrə portfelində Azərbaycanın payı 1 % təşkil edir
- 05 may, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 31-nə olan vəziyyətə görə, Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiyadakı aktiv kredit və qrant aktiv portfelinin məcmu həcmi 22,1 milyard ABŞ dollarına çatır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lea Qutierres bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın payı 0,3 milyard ABŞ dollarına bərabərdir ki, bu da ümumi portfelin 1 %-ni təşkil edir. "Biz Mərkəzi və Qərbi Asiyada olduqca genişmiqyaslı iş aparırıq. Bizim üçün ən böyük istiqamət hələ də nəqliyyat sektoru olaraq qalır (7 milyard dollar və ya 32 % - red.). Bu, iştirakçılarımızın həm regionlararası səviyyədə, həm də kənd ərazilərinin şəhər mərkəzləri ilə birləşdirilməsi baxımından regional əlaqəliliyin gücləndirilməsinə böyük marağından xəbər verir", - L. Qutierres qeyd edib.
O vurğulayıb ki, Mərkəzi və Qərbi Asiya Departamenti layihələri yalnız onların həyata keçirilməyə tam hazır olduğuna əmin olduqda Direktorlar Şurasının müzakirəsinə təqdim edir. "Biz layihələrin tam hazırlıq vəziyyətində (shovel-ready) olmasına çalışırıq, çünki hər hansı gecikmə əhalinin fayda əldə etmə prosesini geri salır. Məhz buna görə də biz layihələrin keyfiyyətlə işlənib hazırlanmasına böyük önəm veririk. Layihələr hazırlıq dərəcəsindən asılı olaraq plana daxil edilir və ya plandan çıxarılır. Eyni zamanda, hazırlıq mərhələsində daha çox irəliləyişin əldə olunduğu ayrı-ayrı layihələrin həyata keçirilməsi sürətləndirilir", - departamentin baş direktoru əlavə edib.