ADB CAREC ölkələrinə əlaqəli şəkildə rəqəmsal valyuta tətbiqini təklif edir
- 18 oktyabr, 2021
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmli ödənişlərin tətbiqi CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı) regionunda ticarəti asanlaşdıraraq iqtisadi inteqrasiyanı da asanlaşdıracaq.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “CAREC ölkələrində regional əməkdaşlıq üçün maliyyə texnologiyaları” adlı layihəsində bildirilir.
Sənədə görə, mərkəzi bankların rəqəmsəl valyutalarına tələbatın artması sərhədlər üzərindən pul köçürmələri və s. transaksiyaların daha sürətli və təhlükəsiz hala gətirilməsi ilə bağlıdır. CAREC ölkələrinin mərkəzi banklarının əlaqəli şəkildə rəqəmsal valyuta tətbiq etməsi mümkündür.
Bundan başqa, layihəyə əsasən, CAREC regionunda maliyyə texnologiyalarının inkişaf səviyyəsi xeyli fərqlənir. Belə ki, Çin bu baxımdan digərlərini xeyli qabaqladığı halda başqa ölkələrdə maliyyə texnologiyaları hələ də əsasən ödənişlərlə bağlıdır. Belə ki, 2018-ci ildə Çin istisna olmaq şərtilə region ölkələrində maliyyə texnologiyalarının tətbiqilə 325 milyon ABŞ dolları tranzaksiya həyata keçirilibsə, ASEAN (Asiya-Sakit Oken Regionu) ölkələrində bu göstərici 2,2 milyard ABŞ dolları olub.
Sənəddə CAREC ölkələrinin mərkəzi banklarla maliyyə bazarının başqa iştirakçıları arasında regional əməkdaşlıq üçün çevik imkanlar yaradacaq maliyyə texnologiyaları sahəsində də qabaqcıl regionlardan geri qaldığı göstərilir: “Həmçinin İKT infrastrukturunun zəif inkişaf səviyyəsi, maliyyə sistemlərinin az rəqəmsallaşması da ciddi problemlərdəndir”.
Xatırladaq ki, CAREC proqramı regional əməkdaşlıq vasitəsilə iqtisadi artıma və dayanıqlı inkişafa dəstək məqsədilə 11 ölkənin (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) tərəfdaşlığını əks etdirir.