ADB bu il kapital bazarlarından 36 milyard ABŞ dollarınadək vəsait cəlb etməyi planlaşdırır

Maliyyə
  • 19 mart, 2025
  • 17:15
ADB bu il kapital bazarlarından 36 milyard ABŞ dollarınadək vəsait cəlb etməyi planlaşdırır

Asiya İnkişaf Bankı (ADB) 2025-ci ildə kapital bazarlarından təxminən 35-36 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır.

“Report” ADB-yə istinadən xəbər verir ki, bu proqram çərçivəsində bank artıq 2 milyard ABŞ dolları məbləğində 10 illik qlobal istiqrazlar yerləşdirib. Yerləşdirmədən əldə edilən vəsait onun əsas kapital resurslarına yönəldiləcək.

İstiqrazlara tələbat təklifdən 2,5 dəfədən çox olub. Beləliklə, sifarişlərin həcmi rekord həddə 7,2 milyard ABŞ dollarına çatıb.

İstiqrazların kupon dərəcəsi illik 4,375 % olmaqla, faizlər yarım ildə bir dəfə ödənilir. Ödəniş tarixi 2035-ci ilin martın 22-dir. Yerləşdirmə qiyməti 99,21 % təşkil edib. Bu isə 4,625 % dərəcəsi ilə və ödəniş vaxtı 2035-ci ilin fevralında bitəcək ABŞ xəzinə istiqrazlarının gəlirliliyindən 17,4 baza bəndi yüksəkdir.

ADB-nin məlumatına görə, istiqrazların 55 %-i Avropa, Yaxın Şərq və Afrikadakı investorlar, 25 %-i Asiya, 20 %-i isə ABŞ investorları arasında yerləşdirilib. Alıcıların 40 %-ni banklar, 38 %-ni mərkəzi banklar və rəsmi qurumlar, 22 %-ni isə fond idarəçiləri və digər investorlar təşkil edib.

44 - Tezliklə