ADB: "Bu il Azərbaycanın cari əməliyyatlar balansı profisitli olacaq"

Maliyyə
  • 20 sentyabr, 2023
  • 06:50
ADB: Bu il Azərbaycanın cari əməliyyatlar balansı profisitli olacaq

Bu il Azərbaycanın cari əməliyyatlar balansının profisitli olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu proqnoz Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvlərinin və digər "qara qızıl" ixracatçılarının (OPEC+) təklifi sərtləşdirməklə neftin qiymətini artırmaq qərarını əks etdirir.

“Yüksək neft qiymətləri bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında ÜDM-nin 10%-i qədər profisit yaradıb. Bununla belə, idxalın 40,5 % artması və neft ixracının 10,4 % azalması fonunda I rübdə əmtəə ticarətinin profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 13 % azalaraq 5,4 milyard ABŞ dollarından 4,7 milyard ABŞ dollarına düşüb.

Bu ilin I rübünün sonuna Dövlət Neft Fondunun aktivləri ilin əvvəli ilə müqayisədə 12 % artaraq 54,9 milyard ABŞ dollarına, Mərkəzi Bankın ehtiyatları isə 9,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə Azərbaycanın ümumi strateji ehtiyatları 64,1 milyard ABŞ dollarına və yaxud ÜDM-nin 2 mislinə yüksəlib” - ADB qeyd edib.