ADB Azərbaycanın dövlət büdcəsi proqnozlarına ilin ortasında yenidən baxılacağını gözləyir
- 11 aprel, 2024
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına əsasən, Azərbaycanın dövlət büdcəsinin kəsiri 2024-cü ildə ÜDM-in təxminən 2 %-ni təşkil edəcək, regionların inkişafına xərclər artdıqca 2025-ci ildə 2,3 %-dək yüksələcək.
“Report” xəbər verir ki, bu barədə bankın bu gün dərc olunan “Asiyanın inkişaf perspektivləri”nin aprel hesabatında deyilir.
“Fiskal siyasət orta dərəcədə genişlənəcək, dövlət büdcəsi isə neft gəlirlərindən çox asılı olacaq”, - bank analitikləri hesab edir.
Vergi inzibatçılığı tədbirləri qeyri-neft sektorundan vergi daxilolmalarını artırdığından gəlirlərin 2024-cü ildə ÜDM-in 27,5 %-i səviyyəsində olacağı, 2025-ci ildə isə bu göstəricinin 28,2 %-ə çatacağı proqnozlaşdırılır.
“Sosial və əsaslı xərclərin artımını dəstəkləmək üçün 2024-cü ildə xərclər ÜDM-in 29,5 %-i, 2025-ci ildə isə 30,5 %-i səviyyəsinə yüksələcək. Dövlət Neft Fondu büdcənin maliyyələşdirilməsinin mühüm mənbəyi olaraq qalacaq, regional inkişaf strategiyasının həyata keçirilməsi üçün kifayət qədər resursları təmin etmək üçün onun transfertlərinin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 2024-2025-ci illərdə 49 %-dək artacaq”, - hesabatda qeyd olunub.
ADB analitikləri hesab edir ki, proqnozlaşdırılan dövrdə Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan kəsir ÜDM-in 12 %-ni təşkil edəcək. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilin ortalarında dövlət büdcəsi proqnozlarına yenidən baxılmasına gətirib çıxara bilər ki, bu da ikinci yarımildə xərclərin artmasına səbəb olacaq”, - bank hesab edir.
Xatırladaq ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü il üçün dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2 %-i səviyyəsində proqnozlaşdırılır.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti, operativ məlumatlara əsasən, 1 milyard 302 milyon manat və ya ÜDM-in 7 %-ini təşkil edib. Dövlət büdcəsinin gəlirləri 6 milyard 555 milyon manat (illik müqayisədə 11,5 %-lik artım), xərcləri isə 5 milyard 253 milyon manat (43,5 %-lik artım) olub.