ADB Azərbaycanın cari əməliyyatlar üzrə profisitin ÜDM-in 32,2 %-nə çatacağını proqnozlaşdırır
- 04 aprel, 2023
- 08:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın cari əməliyyatlar balansının profisiti bu il ümumi daxili məhsulun (ÜDM) 32,2 %-nə çatacağı, 2024-cü ildə isə 30,2 %-nə enəcəyi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, 2023-cü ildə daha yüksək neft hasilatı və qaz ixracı, aşağı orta neft qiymətlərinə baxmayaraq, ümumi ixrac 0,2 % artacaq. ADB 2024-cü ildə neft hasilatındakı kiçik azalma ilə birliktə ixracın 2,9 % azalacağını gözləyir.
Ümumi ticarət dövriyyəsinin profisitinin 2023-cü ildə 6,4 % artacağı, 2024-cü ildə 5,6 % azalacağı proqnozlaşdırılır.
İdxal daxili tələbin azalması ilə 2023-cü ildə azalacaq, ancaq iqtisadi artımın sürətlənməsi və tələbin canlanması ilə 2024-cü ildə artacaq.
2023-cü ildə xidmətlər sektoru üzrə kəsir, nəqliyyat və turizm xidmətlərindən daxilolmaların artması ilə 5,8 %, 2024-cü ildə isə 16,7 % azalacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə bağlı xərclər xidmətlər sektoru üzrə kəsiri genişləndirə bilər.
Xarici investorların gəlirlərinin repatriasiyası və xarici qiymətli kağızlar və kreditlər üzrə faiz ödənişləri səbəbi ilə gəlir kəsiri 2023-cü və 2024-cü illərdə daha da genişlənə bilər.