ADB Azərbaycanın aqrar sektorunda özəl layihələrin maliyyələşdirilməsini genişləndirmək istəyir
- 01 oktyabr, 2025
- 12:11

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın özəl sektoruna investisiyaların həcmini artırmaq niyyətindədir.
"Report"un məlumatına görə, bunu ADB-nin Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rouz Best (Marina Rose Best) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.
M.Best qeyd edib ki, ADB hər il Asiya və Sakit okean məkanında özəl sektor layihələrinə təxminən 8 milyard ABŞ dolları investisiya yatırır:
"Bank Azərbaycan kimi özəl sektoru fəal inkişaf edən ölkələrdə bu portfolionu genişləndirmək istəyir. Son illər ərzində ölkənin özəl sektorunda bir neçə kənd təsərrüfatı layihəmiz olub. Ötən il təchizat zəncirləri və nəqliyyat logistikasının inkişafı üçün "Veyseloğlu" şirkətinə 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmışıq. Layihənin xüsusiyyəti ondan ibarətdir ki, şirkət məhsulların daşınması üçün yük maşınlarında çoxsəviyyəli soyutma sisteminə malik elektrik avtoparkı tətbiq edib. Bu layihəyə yerli fermerlərin təchizat zəncirlərinə inteqrasiyasına kömək məqsədilə 500 min ABŞ dolları məbləğində qrant da ayırmışıq", - o bildirib.
ADB-nin nümayəndəsi xatırladıb ki, 2021-ci ildə bank kiçik fermerlərin mikromaliyyələşdirilməsi üçün "Bank Respublika" ASC-yə 20 milyon ABŞ dolları ayırıb: "Daha 5,9 milyon ABŞ dolları məbləğində vəsait aqrar təchizat zəncirləri və logistikanın dəstəklənməsinə ayrılıb. Ümid edirik ki, özəl sektorla fəal qarşılıqlı əlaqələrimizi davam etdirəcəyik. Çünki bu əlaqələr olmadan ölkədə kənd təsərrüfatının inkişafını təmin etmək mümkün deyil".