ADB Azərbaycanda ekoloji layihələrə yönəlmiş özəl sektorun inkişafına dəstək olacaq

Maliyyə
  • 02 avqust, 2024
  • 12:19
ADB Azərbaycanda ekoloji layihələrə yönəlmiş özəl sektorun inkişafına dəstək olacaq

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava Azərbaycan daxil olmaqla, bir sıra ölkələrə ekoloji, sosial və korporativ idarəetməyə (ESG) yönəlmiş özəl sektor bazarının inkişafını sürətləndirmək üçün qrant əsasında ümumilikdə 1 milyon ABŞ dolları məbləğində texniki yardımın göstərilməsini təsdiqləyib.

“Report” bu barədə bankın hesabatına istinadən xəbər verir. Bu vəsait ADB-nin Texniki Yardım Xüsusi Fondu (TASF) tərəfindən ayrılıb.

Azərbaycanla yanaşı, maliyyə yardımının ayrılacağı ölkələrə Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Özbəkistan və Ermənistan da daxildir.

ADB-nin məlumatına əsasən, 250 min ABŞ dolları məbləğində maliyyə yardımı sadalanan ölkələrdə ESG ilə bağlı özəl sektorun əlavə dəyər zəncirlərinin qiymətləndirilməsinə sərf olunacaq. Qeyd edilib ki, bu, bazar uğursuzluqlarının, bu istiqamətdə inkişaf problemlərinin və özəl sektorun inkişafı imkanlarının daha yaxşı başa düşülməsinə yardım göstərəcək.

Bildirilib ki, 750 min ABŞ dolları dəyərində maliyyə yardımı isə ESG layihələri üzrə investisiyalara təkan verəcək özəl sektorun potensialının inkişafının dəstəklənməsinə istiqamətlənəcək: “Bu maliyyə yardımın məqsədi bazar potensialını nümayiş etdirmək, pilot layihələri inkişaf etdirmək, müəyyən edilmiş bazarlar üçün müvafiq strategiya və yanaşmaları həyata keçirmək üçün potensialı inkişaf etdirmək və qlobal standartlara uyğun olaraq adekvat institusional mexanizmlərin və risklərin azaldılması vasitələrinin mövcud olmasını təmin etməkdir”.

Qeyd edək ki, bu layihənin həyata keçiriləcəyi müddət 2024-cü ilin iyulundan 2027-ci ilin iyun ayınadək olan dövrü əhatə edəcək.