ADB Azərbaycana milli su strategiyasının reallaşdırılmasında yardım təklif edib

Maliyyə
  • 01 oktyabr, 2025
  • 14:21
ADB Azərbaycana milli su strategiyasının reallaşdırılmasında yardım təklif edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycana milli su strategiyasının reallaşdırılmasında, o cümlədən suvarma sistemlərinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və fermerlərə dəstək sahəsində yardım etməyə hazırdır.

"Report"un məlumatına görə, bunu ADB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) 3-cü günündə bəyan edib.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan kimi çayların aşağı axınında yerləşən ölkələrdə su təchizatını qiymətləndirmək üçün əsas element risklərin təhlilidir.

"Biz müxtəlif coğrafi zonalarda suyun mövcudluğunu qiymətləndirmək üçün peyk məlumatlarından və görüntülərindən istifadə edirik. Su sərhəd tanımadığı üçün biz təkcə bir ölkəni deyil, bütövlükdə regionu nəzərdən keçiririk. Risk qiymətləndirməsini apardıqdan sonra "qaynar nöqtələri" - daşqın ehtimalı olan əraziləri və ya əksinə, quraqlıq riski yüksək olan və su ehtiyatları son dərəcə az olan zonaları müəyyən edirik. Səbəblər təkcə iqlim deyil, həm də siyasətdə ola bilər", - S.Camal qeyd edib.

O xatırladıb ki, ADB bu yaxınlarda Azərbaycanla yeni tərəfdaşlıq strategiyasını təsdiqləyib.

"Dövlət sektoruna gəldikdə, hələlik investisiyalarımız yoxdur. Lakin özəl sektorda bir sıra layihələr həyata keçiririk. Bununla belə, təcrübəmiz Azərbaycana milli su strategiyasının praktiki tətbiqində kömək edə bilər. Burada söhbət xüsusilə, suvarma infrastrukturunun modernləşdirilməsi, məlumatların emalı və istifadəsi üçün süni intellektin tətbiqi üzrə yol xəritəsinin hazırlanması, eləcə də suvarma sistemlərinin və toxum təminatının son istifadəçiləri olan fermerlərlə işdən gedir", - nümayəndəlik rəhbəri əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti