ADB Azərbaycan bankına kreditin ayrılmasını təsdiqləyib
- 06 iyun, 2023
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankının (ADB) prezidenti Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahələrində çalışan qadınların və borcalanların kreditə çıxış imkanlarının artırılması məqsədilə “Bank Respublika” ASC-yə 34 milyon manatadək (təxminən 20 milyon ABŞ dolları) kreditin ayrılmasını təsdiqləyib.
“Report” ADB-ə istinadən xəbər verir ki, kredit müqaviləsinin imzalanması 2023-cü ilin ikinci rübünədək, vəsaitin isə 2024-cü ilin ikinci rübünədək “Bank Respublika”ya ayrılması nəzərdə tutulub.
Kredit “Bank Respublika”ya 3 il müddətinə yerli valyutada (və ya ABŞ dolları ekvivalentində) veriləcək.
“Müqavilə Rusiyanın Ukraynaya qarşı davam edən işğalı zamanı meydana gələn ərzaq təhlükəsizliyi problemlərini həll etmək üçün yerli ərzaq istehsalının stimullaşdırılmasına və idxalın əvəzlənməsinə kömək edəcək; kənd və şəhər yerləri arasında yüksək gəlir fərqlərini azaldacaq. Həmçinin, ADB-in maliyyələşdirilməsi kənd təsərrüfatında kreditləşmənin davamlı olaraq zəif təmsil olunmasını yaxşılaşdırmağa yardım göstərəcək. 2022-ci ildə kənd təsərrüfatının qeyri-neft ÜDM-dəki payı 10 % təşkil etməsinə baxmayaraq, 2015-ci ildəki iqtisadi böhrandan sonra kənd təsərrüfatında kreditləşmə ümumi bank kreditlərinin cəmi 4 %-ni təşkil edirdi. Bundan başqa, müqavilənin Azərbaycanda qadınların maliyyə resurslarına davamlı zəif çıxışını yaxşılaşdıracağı gözlənilir”, - ADB hesabatında qeyd edilib.
“Bank Respublika" ADB-nin kredit resursları hesabına maksimum 300 min manatadək olan məbləğdə subkreditlərin verilməsi maliyyələşdiriləcək.
“Bu layihənin həyata keçirilməsi nəticəsində 2026-cı ilədək "Bank Respublika”nın kənd təsərrüfatı sahəsində qadınlara və borcalanlara xidmət göstərmək üçün maliyyə imkanlarının genişləndirilməsi, bankın müştərilərinin, xüsusilə də qadın borcalanların ehtiyaclarını ödəmək üçün əlavə dəyər yaradan xidmətlərin göstərilməsi üçün imkanların artırılması, həmçinin “Bank Respublika”da işə qəbul zamanı gender bərabərliyinin gücləndirilməsi gözlənilir”, - ADB-nin hesabatında bildirilib.
Bank hesab edir ki, 19-u kənd yerlərində yerləşən 32 filialdan ibarət geniş şəbəkəsi ilə “Bank Respublika” xidmət göstərilməyən sektorlara və ərazilərə maliyyə imkanlarını genişləndirmək üçün ideal kanaldır.
Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə institutları KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT var. Ümumilikdə bankın səhmlərinin 90,23 %-i iş adamı Natiq Quliyev və onun ailə üzvlərinə məxsusdur.