“Access Bank” maliyyə vəziyyətini açıqlayıb
- 30 aprel, 2019
- 13:33
“Access Bank” QSC-nin cəmi aktivləri bu il aprelin 1-nə 800,134 milyon manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3% azdır.
“Access Bank”ın aktivlərinin 470,83 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4,1% kiçilib.
Hesabat dövründə “Access Bank”ın cəmi öhdəlikləri 8,2% azalaraq 702,407 milyon manat, o cümlədən depozit portfeli 33,1% artaraq 570,112 milyon manat, Bankın cəmi kapitalı isə 62,7% artaraq 97,727 milyon manat, o cümlədən nizamnamə kapitalı 84,5% artaraq 258,718 milyon manat olub.
Bu ilin I rübündə “Access Bank”ın faiz gəlirləri 22,969 milyon manat (ötən ilin I rübünə nisbətən 5,7% çox), faiz xərcləri 12,777 milyon manat (4,6% az), qeyri-faiz gəlirləri 22,388 milyon manat (1 il bundan əvvəl zərər olub), qeyri-faiz xərcləri 15,241 milyon manat (6,1% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 91,939 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bank rübü 74,6 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 dəfə çoxdur.
Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).