“Access Bank"ın mənfəəti artıb
- 25 iyul, 2023
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Access Bank” QSC bu ilin I yarısını 19,469 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,6 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Access Bank”ın gəlirləri 98,653 milyon manat (illik müqayisədə 43,7 % çox), xərcləri 74,235 milyon manat (20,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 4,949 milyon manat (3,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Access Bank”ın aktivləri 1 317,305 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,3 % çoxdur. Bunun 901,562 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,7 % böyüyüb.
Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 29,8 % artaraq 1 183,861 milyon manata, o cümlədən depozit portfeli 26,4 % artaraq 985,582 milyon manata, balans kapitalı isə 45,4 % artaraq 133,444 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,4 % artaraq 270,107 milyon manata çatıb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).