ABA sədri: "İBAN əsaslı unikal eyniləşdirici strukturun tətbiqi vacibdir"
- 09 oktyabr, 2025
- 10:48

Azərbaycanda ödəniş əməliyyatlarının qabaqcıl beynəlxalq təcrübə əsasında aparılması, habelə Ani Ödənişlər Sisteminin imkanlarından tam əsasda istifadə edilməsi üçün İBAN əsaslı unikal eyniləşdirici strukturun tətbiqi və ödəniş hesablarının bu əsasda açılmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Ekosistemdə rəqabət mühiti artdıqca bu tələbin icrasının gözlənilməsi ödəniş xidməti istifadəçilərinin bərabər şərtlər altında cəlb edilməsi baxımından mühüm rol oynayacaq. Bank–fintex əməkdaşlığı çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə tədbirlərinin daha da effektiv olması və bu tədbirlərin icrasına bütün fintex ekosistemi iştirakçılarının cəlb edilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu tədbirlər mərkəzləşdirilmiş platformanın yaradılması ilə yanaşı, hər bir ödəniş xidməti təchizatçısı tərəfindən fərdi qaydada tədbirlərin görülməsini, infrastruktur imkanlarının təkmilləşdirilməsini, əlavə resursların cəlb edilməsini və preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır.
Bu sahədə həmçinin xarici ödəniş xidməti təchizatçıları ilə qarşılıqlı əlaqələr, məlumat mübadiləsi və başa çatmayan ödəniş əməliyyatlarının həlli prosesi kimi məsələlər daha şəffaf və aydın şəkildə tənzimlənməlidir. Hesab edirik ki, ödəniş xidməti istifadəçiləri tərəfindən ödəniş alətlərinin başqa şəxslərə təqdim edilməsi nəticəsində baş verən fırıldaqçılıq əməliyyatları üzrə qanunvericilikdə məsuliyyət hədlərinin müəyyən edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və bu əsasda tələblərin formalaşdırılması birgə mübarizənin daha effektiv qurulmasına imkan verəcək", - deyə qeyd edib.
Z.Nuriyevin fikrincə, ekosistemdə növbəti strateji dövrdə açıq maliyyə yanaşmasının uğurla tətbiqi üçün açıq bankçılıq platformasına fintexlərin də inteqrasiyası prosesi sürətləndirilməlidir: "Paralel olaraq, açıq bankçılıq üzrə vahid standartların müəyyən edilməsi isə ödəniş xidməti təchizatçıları arasında inteqrasiya əlaqələrinin bərabər əsaslarla qurulmasına şərait yaradacaqdır. İnnovativ həll və texnologiyaların tətbiqinin daha da genişləndirilməsi üçün tənzimləyici test rejiminin tətbiqi imkanları mövcud inkişaf tendensiyasına uyğun olaraq yenidən təkmilləşdirilə bilər.
Nümunə olaraq, bu prosesin davamlı olması və müraciətlərin daimi əsasda qəbulu təmin edilməlidir. Ümumən "sandbox" adlanan tənzimləyici test rejimində layihələrin bəzi hallarda uğursuz olması özü də bir uğur və gələcəyə doğru inkişaf deməkdir. Ekosistem iştirakçıları tənzimləyici test rejimində yeni layihələrin sınaqdan keçirilməsinə daha əsaslı yanaşmalı və onu prioritet hədəflərdən biri etməlidir. Bu yanaşmanın tətbiqi üstünlüklərini nəzərə alsaq, hər bir təşkilatın iştirakı ekosistemdə yenilikçi mədəniyyətin formalaşmasına töhfə verəcək. Hesab edirik ki, tənzimləyici test rejimində tətbiq edilən nəzarət və tənzimləmə tədbirləri ənənəvi yanaşmadan fərqlənməlidir. Nəticə etibarilə, əminliklə deyə bilərik ki, bu gün ölkəmizdə fintex ekosistemi həyata keçirilən uğurlu islahatlar fonunda inkişaf edir, banklarla qarşılıqlı inteqrasiyalar daha da dərinləşir və yeni fəaliyyət istiqamətləri müəyyən edilir".