İslamiadanın qadın medalçıları təəssüratlarını bölüşüblər

Komanda
  • 23 noyabr, 2025
  • 04:35
İslamiadanın qadın medalçıları təəssüratlarını bölüşüblər

"Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, Milli Olimpiya Komitəsinə dərin təşəkkürümü bildirirəm. İslamiadanın qalibi olduğum üçün də qürurluyam".

"Report" xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

"Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm. Hədəflərim böyükdür. Finalda türkiyəli Elvira Süleyman ilə qarşılaşdım. Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım və hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada revanş aldım. İnşallah, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm", - o vurğulayıb.

Qılıncoynadan, oyunlarda bürünc medal qazanan şpaqaçı Xədicə Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmədiyi üçün təəssüfləndiyini bildirib:

"Bu bizim İslamiadada komanda olaraq ilk çıxışımız idi. Çox sevindirici haldır ki, ölkəmizə medal ilə qayıtdıq. Nəticədən o qədər razı deyilik. Çünki oraya qızıl medal üçün getmişdik. Sadəcə, məğlub olduğumuz Özbəkistan komandası bizdən təcrübə cəhətdən üstün idi. Təəssüf ki, onlara bir xal hesabı ilə uduzduq".

Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.