"Sabah"ın basketbolçusu Emmanuel Aqbason Çempionlar Liqasının rəmzi komandasına seçilib
- 13 aprel, 2026
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın və Azərbaycan basketbol millisinin üzvü Emmanuel Aqbason FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5-lik"də yer alıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, basketbolçu bir sıra ortalama statistik göstəricilər üzrə birinci olub.
O, effektivlik (35.0), xal (24.5), ribaund (16.5) və blok-şot (4.5) göstəricilərinə görə fərqləndirilib.
Emmanuel Aqbason Gənclər Çempionlar Liqasında Türkiyənin "Tofaş" klubu ilə keçirilən oyunda dabl-dabla imza atıb. "Sabah"ın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal, 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub.
O, "Sabah"ın Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund, 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.
Xatırladaq ki, "Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.