"Ordu"nun baş məşqçisi: "Uğurun səbəbi düzgün məşqlər, intizam və kollektiv ruhdur"
- 15 dekabr, 2025
- 17:44
"Ordu"nun Azərbaycan Basketbol Liqasının B qrupunda uğurlu çıxışının əsas səbəbi düzgün qurulmuş məşq prosesi, oyunçuların intizamı və kollektiv ruhdur.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Polad Həsənov deyib.
Mütəxəssis komandada hər kəsin öz rolunu bildiyini söyləyib:
"Komandanın hazırkı forması məni sevindirir. Bunun əsas səbəbi düzgün qurulmuş məşq prosesi, oyunçuların intizamı və kollektiv ruhdur. Hər kəs öz rolunu bilir və bunu maksimal səviyyədə yerinə yetirməyə çalışır. Düzdür, hələ görlüləsi işlər çoxdur, amma doğru yolda olduğumuzu düşünürəm. Hər gün daha yaxşı olmağa fokuslanmışıq. Komandanın istəyi, mübarizəsi uğurun açarıdır".
P.Həsənov mövsümlə bağlı hədəfləri də açıqlayıb:
"Addım-adım irəliləyirik. İlk hədəfimiz B qrupunu birinci yerdə tamamlamaqdır. Pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma konkret hədəfimiz yoxdur. Sadəcə, düşünürük ki, addım-addım irəliləmək daha doğrudur. Əlbəttə, Azərbaycan çempionatında final oynamaq istərdik. Bunun üçün çalışırıq. Hazırda A və B qrupları fərqlidir. Yəni bu gedişat B qrupu üçün yetərlidir. Amma A qrupunda mübarizə aparmaq üçün daha çox çalışmağa, köklənməyə ehtiyacımız var. Bununla yanaşı, əlavə oyunçularımız olarsa, "Ordu"nu yarımfinalda görə bilərik".
Qeyd edək ki, "Ordu" 9 turdan sonra B qrupunda maksimum nəticə - 18 xalla birinci pillədə qərarlaşıb. Bakı təmsilçisi X turda "Lənkəran"la üz-üzə gələcək.